ABŞ Dövlət katibi Mark Rubio "Fox News" telekanalına verdiyi müsahibəsində Vaşinqtonun hazırladığı Qəzzə planı barədə mühüm açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, bu layihənin reallaşması üçün HƏMAS qruplaşmasının tərksilah edilməsinin qaçılmaz olduğunu vurğulayıb.
Dövlət katibinin sözlərinə görə, layihənin bütövlükdə işləməsi yalnız silahların yerə qoyulması halında mümkündür.
"Bu baş verənə qədər hər şey qeyri-müəyyən olaraq qalacaq", - deyə o qeyd edib.
Ötən həftəsonu tərksilahla bağlı razılaşmaya yaxınlaşdıqlarına dair ümidverici siqnallar aldıqlarını deyən Rubio, HƏMAS silahı yerə qoymasa, ABŞ-nin İsrailin müharibəni yenidən başlatmasını dəstəkləyib-dəstəkləməyəcəyi ilə bağlı sualı cavabsız qoyub.
O əlavə edib ki, əsas məqsəd qruplaşmanın tərksilah edilməsi və beynəlxalq təhlükəsizlik qüvvələrinin dəstəyi ilə Fələstin qüvvələrinin Qəzzədə nəzarəti ələ almasıdır.
Digər tərəfdən, HƏMAS sözçüsü Hazim Qasım aprelin 22-də verdiyi açıqlamada tərksilah tələbinin danışıqları çətinləşdirdiyini bildirib. Onun fikrincə, atəşkəs razılaşmasının ilk mərhələsindəki öhdəlikləri kənara qoyub silahların təhvil verilməsində israr etmək Qəzzə planı ilə ziddiyyət təşkil edir.
Sözçü bu yanaşmanın müharibənin dayandırılması ruhuna və ABŞ Prezidenti Donald Trampın baxışlarına zidd olduğunu vurğulayıb.
Fələstin rəsmilərinin yaydığı məlumata əsasən, HƏMAS nümayəndə heyəti atəşkəs razılaşmasının gedişatını izləmək və Misir rəhbərliyi ilə görüşmək üçün aprelin 2-də Qahirəyə səfər edib. Statistikaya görə, İsrail atəşkəs elan olunduqdan bəri Qəzzə zolağında razılaşmanı ən azı 2400 dəfə pozub. Bu müddət ərzində İsrailin hücumları nəticəsində 786 nəfərin həyatını itirdiyi, 2217 nəfərin yaralandığı və 761 nəfərin cəsədinin dağıntılar altından çıxarıldığı bildirilir. 2023-cü ilin oktyabrından bəri davam edən ümumi hücumlarda isə can itkisinin 72 min 593-ə çatdığı qeyd olunur.