ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının açıq olduğunu və bölgəyə tam nəzarətin ABŞ-də olduğunu bəyan edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
Məlumata görə, Trampın açıqlaması İranın Hörmüz boğazından keçidlərin bərpası ilə bağlı irəli sürdüyü altı maddəlik şərtlər toplusuna cavab kimi qiymətləndirilir.
İranın yüksək rütbəli təhlükəsizlik rəsmiləri daha əvvəl bildirmişdilər ki, ABŞ müharibə zamanı dəymiş ziyanı tam şəkildə ödəyəcəyi təqdirdə boğazdan keçidlərə icazə veriləcək.
Tramp isə “Truth Social” sosial şəbəkəsində paylaşdığı açıqlamada İranın bu tələbini qəti şəkildə rədd edib. O, əksinə, ABŞ-nin İrandan təzminat tələb edəcəyini bildirib.
Prezidentin açıqladığı tələblər arasında yol kənarına yerləşdirilmiş bombalar və toqquşmalar nəticəsində həlak olan və ya yaralanan ABŞ hərbçiləri və mülki şəxslər üçün təzminat ödənilməsi də yer alır.
Bundan başqa, Tramp son 50 il və son beş ay ərzində həlak olmuş iranlı etirazçıların ailələrinə ödəniş edilməsini tələb edib.
Tramp bildirib ki, öz nümayəndələrinə gələcək bütün danışıqlarda sözügedən təzminat şərtlərini gündəmə gətirmələri barədə göstəriş verib.