ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatın başa çatdığını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata əsasən, beş saat davam edən əməliyyat iyulun 13-ü yerli vaxtla saat 22:15-də yekunlaşıb.
Bildirilib ki, əməliyyat zamanı İranın Buşer, Çah-Bahar, Cask, Konarak, Əbu-Musa və Bəndər-Abbas şəhərlərində yerləşən strateji hərbi obyektlərə yüksək dəqiqlikli döyüş sursatları ilə zərbələr endirilib.
Məlumata görə, hücumun əsas məqsədi İranın hərbi imkanlarını zəiflətmək olub. Əməliyyat nəticəsində sahil müdafiə sistemləri, raket və pilotsuz uçuş aparatları (PUA) kompleksləri, eləcə də dəniz obyektlərinin sıradan çıxarıldığı qeyd edilib.
Qeyd olunub ki, hazırda Yaxın Şərqdə 50 mindən çox ABŞ hərbçisi dislokasiya olunub və onların hər an döyüş tapşırıqlarını yerinə yetirməyə hazır olduğu bildirilib.
Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Konqresə İranda hərbi əməliyyatların bərpa olunması ilə bağlı rəsmi bildiriş göndərmişdi.