ABŞ və İran arasında Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanın əldə olunacağı gözlənilir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə ABŞ Maliyyə Naziri Skott Bessent “CNBC” telekanalına müsahibəsində bildirib.
Məlumata görə, Bessent tərəflər arasında danışıqların davam etdiyini və boğazın açılması ilə bağlı razılaşmanın çərşənbə axşamı və ya çərşənbə günü əldə oluna biləcəyini deyib.
Bildirilib ki, ABŞ Prezidenti Donald Tramp da Hörmüz boğazının açılmasını gələcək razılaşmaların ilk mərhələsi kimi qiymətləndirib.
Qeyd olunub ki, Tramp avqustun 2-də Tehranla şərtlərin müzakirəsinə imkan yaratmaq məqsədilə İrana planlaşdırılan zərbələrin ləğv edildiyini açıqlamışdı.
Məlumata əsasən, regionda gərginlik iyulun 8-dən etibarən artıb. Həmin gün Tramp iyunun 18-də əldə olunan atəşkəs razılaşmasının artıq qüvvədə olmadığını bəyan edib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı bunu İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə qarşı fəaliyyətinə cavab kimi izah edib. İran isə Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına zərbələr endirərək Vaşinqtonu atəşkəs memorandumunu pozmaqda ittiham edib.
Xatırladılıb ki, iyulun 25-də “Axios” portalı Donald Trampın İrana qarşı 13 gün davam edən zərbələrin dayandırılması barədə göstəriş verdiyini yazmışdı. Ertəsi gün İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya ABŞ hücumları dayandırdıqdan sonra İranın da cavab zərbələrini dayandırdığını bildirmişdi. Buna baxmayaraq, tərəflər arasında gərginliyin tam aradan qalxmadığı qeyd olunur.