Ukrayna xarici işlər naziri Dmitro Kuleba Davosda Viktor Pinçuk Fondunun təşkil etdiyi “Ukrayna səhər yeməyi”ndə tərəfdaş ölkələrə müraciət edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb.
O bildirib ki, Ukraynanın tərəfdaşları eskalasiyadan qaçmaq konsepsiyasından imtina etməlidirlər: “Çünki müharibənin iki ili ərzində buna görə bir çox imkanları itirilib”.
“Bizə ilk gündən “eskalasiya etməyin” dedilər və buna görə bir çox imkan itirildi. Son iki ildə baş verənlər bu konsepsiyanın zərərli olduğunu göstərdi”, - nazir vurğulayıb.
D. Kuleba diqqətə çatdırıb ki, məhz bu konsepsiyaya görə tərəfdaşlar lazımi qərarları təxirə salıblar: “Tərəfdaşlardan gecikmədən və uzun müzakirələr aparmadan qərar qəbul etməyi xahiş edirəm. Hər gün nələrsə müzakirə olunanda Ukraynada kimsə ölür”.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.