BƏƏ-nin hakimiyyət orqanları Yaxın Şərqdəki hərbi münaqişə fonunda ölkədəki vəziyyətlə bağlı sosial mediada videolar yaydıqlarına görə 19 Hindistan vətəndaşını həbs edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, keçən həftənin sonunda BƏƏ-də azı 45 nəfər həbs olunub. Həbs olunanlar arasında hindistanlılarla yanaşı yerli sakinlər, həmçinin Misir, Nepal, Pakistan və Filippin vətəndaşları da var.
Onlar İranın Birləşmiş Ərəb Əmirlikləri ərazisinə atdığı raketlərin havada tutulmasını əks etdirən videoları, hücumlar nəticəsində yaranan dağıntı və yanğın görüntülərini, həmçinin əhali arasında yaranmış panikanı əks etdirən materialları yaymaqda ittiham edilirlər.
BƏƏ prokurorluğu onları həm real məlumatların, həm də süni intellekt vasitəsilə hazırlanmış saxta məzmunun yayılmasında ittiham edir. Bildirilir ki, bu materiallar BƏƏ-də panika yarada və daxili vəziyyəti sabitsizləşdirə bilər.
Təqsirləndirilən şəxslərə həmçinin “hərbi təcavüz aktları həyata keçirən dövlətin təbliğatı, onun rəhbərliyini və hərbi əməliyyatlarını tərifləyən materialların yayılması” maddəsi ilə də ittiham irəli sürülüb.
BƏƏ-nin baş prokuroru Hamad Saif Al Shamsi bildirib ki, müxtəlif millətlərdən olan saxlanılan şəxslərin dindirilməsi hazırda davam edir. Onun sözlərinə görə, onları bir ilədək həbs cəzası və 100 min dirhəmdən (təxminən 27,2 min ABŞ dolları) başlayan cərimə gözləyir.