Qara dəniz sahilində, Konstansa qəzasında dəniz minası aşkar edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün yerli vaxtla saat 10:05-də Midiya poliqonunun hərbçiləri poliqonun qarşısındakı çimərlikdə sahilə çıxmış dəniz minasını aşkar ediblər. Konstansa qəzası polis inspektorluğunun dəstəyi ilə ərazi mühasirəyə alınıb”, - məlumatda deyilir.
Qeyd olunub ki, hadisə barədə Müdafiə Nazirliyinin aidiyyəti strukturları məlumatlandırılıb. Tapılan minanın zərərsizləşdirilməsi üzərində 39-cu dalğıc-mühəndis mərkəzinin sualtı minaaxtaranlar qrupu çalışır.
Rusiya FTX 2022-ci ilin martında bəyan etmişdi ki, Rusiyanın xüsusi hərbi əməliyyatının başlanmasından sonra Ukrayna Hərbi-Dəniz Qüvvələri Odessa, Oçakov, Çornomorsk və Yujnı limanlarına yaxın ərazilərdə təxminən 420 mina yerləşdirib. Xidmətdə axınlar səbəbindən qopmuş minaların Bosfor boğazına, oradan isə Aralıq dənizi hövzəsinə qədər sürüklənə biləcəyini istisna etməmişdilər.
Xatırladaq ki, Bolqarıstan, Rumıniya və Türkiyə 2024-cü ilin yanvarında Qara dənizdə minalardan təmizləmə üzrə işçi qrupunun yaradılması haqqında saziş imzalayıblar.