Suriyada baş verən hadisələr qəfil olmadı, uzun müddət buna hazırlıq görülürdü. Məlum məsələ idi ki, Türkiyənin, ABŞ-nin, Rusiyanın, İsrailin, eyni zamanda İranın Suriyada daimi özəl maraqları var. Bu maraqları həyata keçirmək üçün danışıqlar var idi və əsas məqam da ondan ibarətdir ki, Türkiyə burada çox mühüm rol oynayaraq, həm öz sərhəddində stabillik yaratdı, həm də Türkiyə ərazisində olan Suriya qaçqınlarını geri qaytarmaq şansı qazandı.
Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında millət vəkili, Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib.
Millət vəkili qeyd edib ki, ABŞ-nin dövlət katibi Antoni Blinken və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında olan danışıqlardan terror təşkilatlarının kimin tərəfində olub-olmaması məsələsi məlum oldu.
“Rusiya isə Əsəd rejimindən qalmış orada baş nazir səviyyəsində danışıqların aparılması, eyni zamanda Suriya ərazisində yerləşən Suriya hərbi bazaların taleyi ilə bağlı proseslərdə məhz Bəşər Əsədə siyasi sığınacaq verməklə yenə də öz rolunu oynamaqdadır.
İsrail isə öz növbəsində yarım əsr həm İranın, həm də Suriyanın inhisarında olan yüksəklikləri əldə etməklə, paralel olaraq Hizbullahın və digər Suriya ərazisində olan terrorçuların hərbi bazalarını məhv etməsi ilə məşğuldur”.
A.Nağıyev qeyd edib ki, burada hər bir dövlətin marağı olduğu halda, Türkiyənin də marağı birmənalıdır. Çünki Türkiyənin həm sərhədi, eyni zamanda çoxsaylı qaçqını və ərazidə “kürd” separatizmini dəstəkləyən dəstələri var. Bunların hamısı Türkiyənin mövqeyinə təsir edən əsas amildir.
Millət vəkili düşünür ki, burada qalib tərəf kimi də Türkiyəni qeyd etmək mümkündür. Buna səbəb, NATO-nun üzvü, eyni zamanda ABŞ-nin Yaxın Şərqdəki mövqeyini nəzərə alsaq, Türkiyə həm diplomatik səviyyədə, həm də digər istiqamətlərdə qələbə əldə etmiş dövlətdir.
“Suriyada hadisələr xaotik vəziyyətdədir və hər ölkə Suriya ilə bağlı öz marağındadır. Bu gün bizim onlarla hansı münasibət quracağımız gələcəkdə kimin rəhbər olması, eyni zamanda hansı istiqamətdə onların inkişaf etməsi və hakimiyyətin formalaşdırılması əsas məqam olacaqdır”, - deyə A.Nağıyev vurğulayıb.
Aminə Nəzərova