Türkiyə hakimiyyəti beynəlxalq kruiz şirkətinə məxsus gəminin ölkə limanlarına girişinə qadağa tətbiq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, “CNN”in yaydığı məlumata əsasən, qərar “Atlantis Events” şirkətinə məxsus kruiz gəmisinin Türkiyə limanlarına daxil olmasının dayandırılması ilə bağlıdır.
Məlumata görə, planlaşdırılan marşrut üzrə “Afina – Venesiya” reysini həyata keçirən gəminin iyulun 7-də Kuşadası limanına yanaşması, daha sonra isə İstanbula hərəkət etməsi nəzərdə tutulurdu. Lakin yerli rəsmilər gəmidə olan sərnişin qruplarının fəaliyyətinin Türkiyənin ictimai və mədəni dəyərləri ilə uyğunluq təşkil etmədiyini əsas gətirərək səfərləri ləğv ediblər.
Bildirilir ki, Ankara bu qərarı ölkənin daxili sosial və mənəvi prinsiplərinin qorunması məqsədilə qəbul etdiyini açıqlayıb.
Qeyd olunur ki, beynəlxalq mediada yayılan xəbərlər kruizlə bağlı geniş müzakirələrə səbəb olub. Bundan əvvəl də Avropanın müxtəlif ölkələrində analoji hallarla bağlı təhlükəsizlik və ictimai qaydalar çərçivəsində bəzi məhdudiyyətlərin tətbiq edildiyi xatırladılır.