ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalının Ağ Ev müxbiri Caki Henriçə müsahibəsində İrana qarşı həyata keçirilən hərbi əməliyyatları qiymətləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp əldə olunan nəticələrin gözləniləndən daha böyük olduğunu vurğulayıb.
Prezident əməliyyatın gedişatından razılığını ifadə edərək bildirib:
“Əldə etdiyimiz uğura kimsə inana bilməz; tək bir atışla 48 lider yox edildi. Proses sürətlə irəliləyir. Əgər bu addımı atmasaydıq, onlar iki həftə ərzində nüvə silahına sahib olacaqdılar”.
Tramp həmçinin qeyd edib ki, İranın nüvə obyektləri "B-2" bombardmançı təyyarələri ilə hədəf alınıb.
ABŞ lideri Hörmüz boğazının bağlanması və ya neft qiymətlərinin artması ehtimalı ilə bağlı narahatlıq keçirmədiyini deyib:
“Mən heç nədən narahat deyiləm. Sadəcə doğru olanı edirəm. Sonda hər şey yoluna düşür”.
Tramp "Atlantic" jurnalına verdiyi digər müsahibəsində İranın yeni liderlərinin onunla görüşmək istədiyini və bu təklifi qəbul etdiyini bildirib.
O, İran tərəfinin bu addımı daha əvvəl atmalı olduğunu vurğulayaraq, “Danışmaq istəyirlər və mən də razılaşdım. Çox uzun müddət gözlədilər” ifadələrini işlədib.