Vaşinqtonda İranla münaqişənin necə başa çatacağı ilə yanaşı, müharibədən sonra Yaxın Şərqdə formalaşacaq yeni siyasi və təhlükəsizlik nizamı da müzakirə olunur.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ABŞ rəhbərliyinin üzərində işlədiyi yeni strategiya İranla qarşıdurmanı yalnız hərbi müstəvidə deyil, regiondakı güc balansının yenidən formalaşdırılması üçün imkan kimi nəzərdən keçirir.
“Axios” nəşrinin ABŞ rəsmilərinə və prosesə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Donald Tramp administrasiyası müharibədən sonrakı Yaxın Şərq üçün kompleks plan hazırlayır.
İlkin mərhələdə olan təşəbbüsün əsas məqsədləri arasında İranın regional fəaliyyət imkanlarının məhdudlaşdırılması və 7 oktyabr 2023-cü ildən sonra yaranan böhranların həlli yer alır.
Planın əsas elementlərindən biri İranın ətrafında yeni regional təhlükəsizlik strukturunun yaradılmasıdır. Vaşinqton ABŞ-nin qarantorluğu altında regiondakı müttəfiqlərini vahid təhlükəsizlik sistemi ətrafında birləşdirməyi nəzərdən keçirir.
Hazırlanan strategiyanın digər mühüm istiqamətini “İbrahim Razılaşmaları”nın genişləndirilməsi təşkil edir.
ABŞ administrasiyası İsrail ilə ərəb ölkələri arasında diplomatik əlaqələrin inkişaf etdirilməsini və normallaşma prosesinin sürətləndirilməsini planlaşdırır.
Xüsusilə Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması müharibədən sonrakı regional strategiyanın əsas elementlərindən biri kimi qiymətləndirilir.
Hazırlanan strategiyanın reallaşmasında qarşıdakı seçkilərin də mühüm rol oynayacağı bildirilir.
İsraildə oktyabrın 27-də keçiriləcək seçkilərin regional siyasətin gələcəyinə təsir göstərəcəyi, ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərin isə Tramp administrasiyasının daxili siyasi mövqeyini və İranla bağlı atacağı addımların miqyasını müəyyənləşdirə biləcəyi qeyd olunur.
Mənbələrin məlumatına görə, Tramp son həftələrdə yüksək səviyyəli müşavirləri ilə görüşlərində Yaxın Şərqdə “çox daha böyük bir layihə” üzərində çalışdığını bildirib.
Hazırlanan sənədin yekunlaşdırılmasının bir neçə həftə çəkəcəyi gözlənilir.