“20 Yanvar faciəsi Azərbaycan xalqının milli yaddaşı və qəhrəmanlıq salnaməsidir”.
Bu sözləri Milli Məclisin deputatı Vasif Qafarov "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı bildirib.

Deputat qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsr tarixində ən faciəli, eyni zamanda ən şərəfli səhifələrindən biridir. Onun sözlərinə görə, bu qanlı hadisə yalnız günahsız insanların qətlə yetirilməsi ilə deyil, həm də xalqımızın azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin zirvə nöqtəsi kimi tarixə həkk olunub.

Vasif Qafarov vurğulayıb ki, 1990-cı il 20 Yanvar faciəsinə aparan proseslər 1987-ci ildən başlayaraq azərbaycanlıların Ermənistan ərazisindəki tarixi torpaqlarından kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi cəhdləri və erməni millətçi dairələrinin separatçı fəaliyyəti ilə müşayiət olunub. Onun sözlərinə görə, Sovet İttifaqı rəhbərliyi vəziyyəti sabitləşdirmək əvəzinə, Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış hərbi cinayət törədib.

Deputat bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və respublikanın bir sıra rayonlarına yeridilib. Dinc əhali – qadınlar, uşaqlar və yaşlılar ağır hərbi texnikadan atəşə tutulub, fövqəladə vəziyyət isə yalnız qırğından sonra elan edilib.

Onun sözlərinə görə, nəticədə 147 nəfər şəhid olub, yüzlərlə insan yaralanıb və qanunsuz həbs edilib, yaşayış evlərinə və dövlət əmlakına ciddi ziyan dəyib:
“Bu hadisə sovet totalitar rejiminin əsl mahiyyətini bütün dünyaya nümayiş etdirib”.
Vasif Qafarov xatırladıb ki, 20 Yanvar faciəsinə ilk prinsipial siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. 1990-cı il yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi bəyanat Azərbaycan xalqına böyük mənəvi dəstək olub, 1994-cü ildə Milli Məclisin qərarı ilə isə bu hadisə Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz kimi rəsmən tanınıb.

“Bu gün 20 Yanvar şəhidlərinin xatirəsi dövlət səviyyəsində əbədiləşdirilir, hər il yanvarın 20-si ümumxalq hüzn günü kimi qeyd olunur. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətin şəhidlərə olan yüksək ehtiramının bariz nümunəsidir”,- deyə deputat qeyd edib.
Sonda Vasif Qafarov bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün həm böyük faciə, həm də milli qürur və qəhrəmanlıq salnaməsidir:
“Bu tarix müstəqillik yolunda dönüş nöqtəsi oldu və xalqımızın yaddaşında əbədi yaşayacaq”.