Tovuzda məktəbdə tüstüdən zəhərlənən şagirdlərin vəziyyəti açıqlanıb.
TƏBİB-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, Tovuz Rayon Mərkəzi Xəstəxanasında 5 məktəblinin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən məktəblilər ambulator müalicə üçün evə buraxılıb.
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 11-də saat 09:40 radələrində Tovuz rayonunun Düz Cırdaxan kənd orta məktəbində tüstüdən zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
"Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 5 nəfər ( məktəbli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yadım şöbəsinə hospitalizasiya olunub. Onlara dəqiqləşməmiş tüstü zəhərlənməsi diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir", məlumatda deyilir.
***
Aprelin 11-də Tovuz rayonu Rafael İsmayılov adına Düz Cırdaxan kənd tam orta ümumtəhsil məktəbinin 7-ci sinfində təhsil alan 18 şagirddən 5-nin halı 2-ci dərs başlayan zaman pisləşib.
Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-in sorğusuna cavab olaraq Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib.
"Məktəbə təcili tibbi yardım çağırılıb və şagirdlər xəstəxanaya aparılıb. Onların səhhəti regional təhsil idarəsi və məktəb rəhbərliyi tərəfindən diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır", məlumatda deyilir.
***
Tovuzda orta məktəbdə şagirdlərin zəhərlənməsinin təfərrüatı məlum olub.
"Operativ Məlumat Mərkəzi-OMM"-in əldə etdiyi məlumata görə, məktəblilər sinif otağında sobadan ayrılan tüstüdən zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Zəhərlənən şagirdlər 2011 və 2012-ci il təvəllüdlüdürlər.
***
Tovuzda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə rayonun Düzcırdaxan kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 5 şagiridi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.