Tailand ölkəyə məxsus gəminin Hörmüz boğazı yaxınlığında hücuma məruz qalmasından sonra İran səfirini çağırıb və hücumu sərt şəkildə pisləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu insident barədə məlumatı ilk olaraq CNN yayıb.
Xəbər verildiyi kimi, Tailand bayrağı altında üzən "Mayuree Naree" gəmisi Hörmüz boğazında hücuma məruz qalıb, nəticədə gəmidə partlayış və ardınca yanğın baş verib. Tailandın Dəniz Departamentinin rəsmi məlumatına görə, ekipajın 20 üzvü xilas edilib, üç dənizçi isə itkin düşüb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.