Tayvanda istehsal PUA-ların ixracı 2024-cü ildən etibarən 55 dəfə artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bununla belə, xarici bazarlarda hələlik sabit tələbat formalaşmayıb.
“Taipei Times” xəbər verir ki, Tayvanın PUA ixracı 2024-cü ildəki 3 472 ədəddən 2025-ci ildə 122 726 ədədə, 2026-cı ilin ilk yarısında isə 191 373 ədədə yüksəlib.
Tayvan istehsalı PUA-ların əsas ixrac bazarları Polşa, Çexiya və ABŞ-dır. 2026-cı ildə Yaxın Şərq ölkələrindən də böyük həcmli sifarişlərin daxil olduğu bildirilir.
Tayvanın Demokratiya, Cəmiyyət və Yeni Texnologiyalar Araşdırma İnstitutunun (DSET) ekspertləri isə xarici hökumətlər tərəfindən PUA-lara sabit tələbatın hələ formalaşmadığını qeyd edirlər.
Ekspertlərin fikrincə, Avropa ölkələrindən sifarişlərin hazırkı artımı əsasən Ukraynadakı vəziyyətlə əlaqədardır. Onlar münaqişə başa çatdıqdan sonra bu tendensiyanın davamlı alışlara çevrilib-çevrilməyəcəyinin hələ də qeyri-müəyyən olduğunu bildirirlər.
Ekspertlər həmçinin Tayvanın PUA istehsalı sahəsində müəyyən texnoloji boşluqlarının olduğunu vurğulayıblar. Belə ki, PUA-ların istehsalında istifadə olunan bəzi mikrosxemlər və proqram təminatı xaricdən alınır.
Daha əvvəl Tayvanın iqtisadi inkişaf məsələləri üzrə qurumunun rəhbəri Tsyu Tsyuhey bildirmişdi ki, ada 2030-cu ilədək müxtəlif təyinatlı PUA-ların aylıq istehsalını 100 min ədədə çatdırmağı planlaşdırır. İstehsalın 50 faizinin ixrac edilməsi nəzərdə tutulur.