Bakıda oktyabrın 24-dən 30-dək keçiriləcək U15 dünya çempionatı və FIFA festivalında tanınmış futbolçuların ailə üzvləri də meydana çıxa bilər. İspaniya və İtaliya yığmalarının yekun heyətlərində futbolçuların qohumları yer alıb, Fransa komandasının heyəti isə hələ müəyyənləşməyib.
İspaniyanın 14 nəfərlik heyətinə “Valensiya”nın 15 yaşlı müdafiəçisi Julian Mosquera daxil edilib. O, “Arsenal”ın futbolçusu Kristian Mosqueranın qardaşıdır. Mərkəz müdafiəçisi mövqeyində oynayan Julianın boyu 194 santimetrdir. İspaniyanın AS nəşrinin məlumatına görə, “Real Madrid” də onun inkişafını izləyir.
İtaliya millisinin heyətində 14 yaşlı Alfredo Krişito da olacaq. O, “Yuventus”, “Cenoa” və “Zenit”də çıxış etmiş Domeniko Krişitonun oğludur. Alfredo “Cenoa” akademiyasında yetişir və müdafiəçi mövqeyində oynayır.
Mərakeş millisinin sabiq kapitanı Mehdi Benatiyanın oğlu Kays Əl-Müttəkinin iştirakı isə sual altındadır. “Marsel” akademiyasının hücumçusu Fransa yığmasının hazırlıq toplanışına çağırılıb. Oktyabrın 18-dən 22-dək Klerfontendə keçiriləcək məşqlərdən sonra mundiala gedəcək 14 futbolçu seçiləcək.
Turnirdə komandalar səkkiz futbolçu ilə, 68x47 metr ölçülü meydançalarda oynayacaq. Matçlar 40 dəqiqə davam edəcək. Azərbaycan millisi AF qrupunda Avstraliya, İsrail, Haiti, Andorra və Şərqi Timorla qarşılaşacaq. Komanda ilk oyununu oktyabrın 24-də Şərqi Timora qarşı keçirəcək.