Suriya Yəməndə İranın dəstəklədiyi husilərlə müharibənin genişləndiyi bir vaxtda müttəfiqi Səudiyyə Ərəbistanına hərbi yardım göstərmək imkanını nəzərdən keçirir. Məsələ ilə tanış ABŞ rəsmisi və suriyalı hərbi rəsmisi bu barədə məlumat verib.
Müzakirə olunan variantlara krallığı hücumlardan qorumaq üçün müdafiə dəstəyi, eləcə də Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən qüvvələrinin husilərə qarşı döyüşlərinə yardım məqsədilə qoşun yerləşdirilməsi daxildir.
ABŞ rəsmisi Səudiyyə Ərəbistanının Suriyadan husilərə qarşı mübarizə üçün qüvvə göndərməsini istədiyini deyib. Suriya prezidentinin media müşaviri Əhməd Zeydan isə bu iddianı təkzib edib.
Suriya Xarici İşlər Nazirliyinə göndərilən şərh sorğusuna cavab olaraq suriyalı diplomat ölkəsinin husilərin hücumları qarşısında Səudiyyə Ərəbistanını qətiyyətlə dəstəklədiyini bildirib. Bununla belə, hökumətin əsas diqqətinin vətəndaş müharibəsindən sonrakı bərpa kimi daxili prioritetlərə yönəldiyini vurğulayıb.
“Səudiyyə Ərəbistanı hərbi əməkdaşlıq və ya təcrübə mübadiləsi istəsə, bu, yalnız rəsmi kanallar vasitəsilə və iki qardaş ölkə arasındakı münasibətləri tənzimləyən ikitərəfli razılaşmalar çərçivəsində həyata keçiriləcək”, – diplomat bəyanatında bildirib.
Səudiyyə hökumətinin media ofisi və Yəmənin informasiya naziri şərh sorğularına cavab verməyib.
Husilərin krallığa həftələrlə davam edən raket və pilotsuz uçuş aparatı hücumlarından sonra Səudiyyə Ərəbistanı müdafiə və hücum xarakterli dəstək üçün ABŞ, Avropa və Yaxın Şərq ölkələrinə müraciət edir.
ABŞ rəsmisinin sözlərinə görə, Suriya Prezidenti Əhməd əl-Şaraa çərşənbə axşamı Ər-Riyada səfəri zamanı vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb. Görüşdə digər məsələlərlə yanaşı, Səudiyyə Ərəbistanına mümkün hərbi yardım müzakirə olunub.
Qoşun göndərilməsi regional gərginliyi artıra bilər
ABŞ rəsmisi bildirib ki, Suriya ordusunun şiə İslamının qollarından birinə mənsub husilərlə qarşıdurmaya cəlb olunması dini zəmində parçalanma riskini artıra bilər. Suriya rəhbərliyi və onun Qərb tərəfdaşları bu cür gərginlikdən yayınmağa çalışır.
Rəsminin sözlərinə görə, Dəməşq daha əvvəl ABŞ-nin Livanda “Hizbullah”a qarşı mübarizədə kömək istəyini də bu səbəbdən rədd edib. İranın dəstəklədiyi husilərə qarşı döyüşlərdə iştirak İran, Livandakı “Hizbullah” və İraqdakı silahlı qruplaşmalar tərəfindən düşmənçilik addımı kimi qiymətləndirilə bilər. Suriyanın keçmiş üsyançı qüvvələrinin bu tərəflərlə əvvəllər münaqişə təcrübəsi olub.
Dəməşq Ər-Riyada dəstəyini nümayiş etdirməyə çalışır
Əhməd əl-Şaraa Səudiyyə Ərəbistanına və vəliəhd şahzadəyə ölkəsinin dəstəyini göstərməyə çalışır. ABŞ rəsmisinin fikrincə, Məhəmməd bin Salman keçmiş cihadçı liderin beynəlxalq legitimlik qazanmasında, o cümlədən 2025-ci ilin mayında Şaraa ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün təşkilində mühüm rol oynayıb.
ABŞ rəsmisi Səudiyyə Ərəbistanının Suriyaya maliyyə yardımı göstərdiyini və Dəməşqin dəstək nümayişinin bu yardımın artmasına səbəb ola biləcəyini bildirib.
Londondakı Kral Birləşmiş Xidmətlər İnstitutunun baş elmi işçisi H.A. Hellyer hesab edir ki, Suriyanın müqəddəs məkanların müdafiəsi üçün azsaylı hərbçi və pilotsuz aparatları zərərsizləşdirməyə yönəlmiş texniki dəstək göndərməsi simvolik baxımdan müsbət təsir göstərə bilər.
“Lakin daha geniş iştirak, xüsusən də Suriyalı hərbçilərin döyüş bölgəsinə göndərilməsi tamamilə başqa məsələdir. Dəməşqin diqqət yetirməli olduğu prioritetləri nəzərə alsaq, ölkənin bundan yayınacağını düşünürəm”, – Hellyer bildirib.