ABŞ Prezidenti Donald Tramp ABŞ-nin strateji əhəmiyyət daşıyan Hörmüz boğazı üzərində tam nəzarətə sahib olduğunu iddia edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, Vaşinqtonun boğazda tam nəzarəti təmin etdiyini bildirib.
Tramp ABŞ-nin dəniz blokadasını “poladdan divar” adlandırıb və İranın buna qarşı heç nə edə bilməyəcəyini iddia edib.
“Dəniz blokadamız hər kəs tərəfindən "polad divar" adlandırılır və İranın buna qarşı edə biləcəyi heç nə yoxdur. İran yalnız danışır, əməl etmir” -Tramp bildirib.
İran tərəfi isə boğazın yenidən açılması məsələsinə baxmazdan əvvəl ABŞ-nin İrana təzminat ödəməli olduğunu bildirib.
Məlumata görə, ABŞ və İsrailin fevral ayında İrana qarşı başlatdığı hücumlardan sonra Tehran hərbi müdaxilə təhdidi ilə Hörmüz boğazını faktiki olaraq bağlı vəziyyətdə saxlayır.
Bu fonda İran və Oman arasında boğazın öz nəzarətləri altında yenidən açılması üçün mexanizm yaradılması ilə bağlı müzakirələrin aparıldığı bildirilir. ABŞ ilə müharibənin dayandırılmasına dair danışıqların isə dalana dirəndiyi qeyd olunur.
Qeyd edək ki, Hörmüz boğazı dünya enerji təchizatı baxımından ən mühüm dəniz marşrutlarından biri hesab olunur. Boğaz ətrafında yaranan hərbi və siyasi gərginlik qlobal neft və qaz bazarları üçün də ciddi risk yaradır.