ABŞ Sudandakı münaqişəyə son qoymaq üçün yeni sülh təşəbbüsü irəli sürür.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sudan Tribune” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ diplomatları Sülh Şurası çərçivəsində Sudandakı qarşıdurmanın dayandırılmasına yönəlmiş yeni təşəbbüs üzərində çalışırlar.
Məsələ ilə tanış olan diplomatların qəzetə verdiyi məlumata görə, strategiya mart ayına qədər təcili humanitar atəşkəsə və daimi atəşkəsin təmin olunmasına, eləcə də uzun müddətdir gündəmdə olan hərbi və təhlükəsizlik islahatlarının həyata keçirilməsinə yönəlib.
Təklifin əsas şərtlərindən biri ekstremist elementlərin, xüsusilə islamçı qrupların Sudanın hərbi və siyasi həyatından təcrid edilməsidir.
Qəzetin yazdığına görə, sözügedən plan Misir, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənir.
Qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubio diplomatik səyləri əlaqələndirmək məqsədilə ötən həftə bu ölkələrdəki həmkarları ilə danışıqlar aparıb.