Hondurasın paytaxtı Tequsiqalpada baş vermiş ağır yol qəzası nəticəsində 7 nəfər dünyasını dəyişib, azı 10 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. "La Prensa" qəzetinin xilasetmə xidmətlərinə istinadən yaydığı məlumata görə, hadisə Vilya-Nueva rayonunda qeydə alınıb.
İlkin ehtimallara görə, ağır tonnajlı yük maşını əyləc sistemindəki nasazlıq səbəbindən idarəetmədən çıxıb. Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsi yol kənarındakı bir neçə avtomobilə, müəssisəyə və piyadalara çırpılıb. Qəza nəticəsində həlak olanlar arasında yük maşınının sürücüsü Osman Quterres Espinal da var.
Hadisə yerinə cəlb olunan xilasedicilər və polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Xəsarət alan şəxslər paytaxtdakı xəstəxanalara yerləşdirilib. Həkimlərin bildirdiyinə görə, yaralıların vəziyyəti sabitdir və həyatları üçün təhlükə yoxdur.