Serbiya Prezidenti Aleksandar Vuçiç parlamenti buraxıb və növbədənkənar parlament seçkilərinin oktyabrın 25-də keçirilməsini elan edib.
Vuçiç çərşənbə günü açıqlayıb ki, əvvəlcə gələn il keçirilməsi gözlənilən seçkilər ölkədə artan siyasi gərginlik səbəbindən irəli çəkilib. O bildirib ki, siyasi qarşıdurmalar olmasaydı, erkən seçkiyə ehtiyac yaranmazdı.
“Əgər belə gərginliklər və siyasi münaqişələr olmasaydı, seçkilər bizim üçün zəruri olmazdı”, – Vuçiç televiziya ilə yayımlanan çıxışında deyib.
Serbiya prezidenti seçkinin təxirə salınmasının “demokratiyanın mövcudluğunu təhlükə altına sala biləcəyini” də vurğulayıb.
Vuçiç təxminən iki ildir ölkədə davam edən korrupsiyaya qarşı etirazlarla üzləşir. Etirazlar 2024-cü ilin noyabrında Novi-Sadda dəmir yolu vağzalının örtüyünün çökməsi və 16 nəfərin həyatını itirməsindən sonra başlayıb.
Faciə hökumətin hesabatlılığı və ehtimal olunan korrupsiya ilə bağlı cəmiyyətdə narazılığı daha da artırıb.
Aleksandar Vuçiç 2014-cü ildən Serbiyanın baş naziri və ya prezidenti vəzifəsində çalışıb və bu müddət ərzində ölkənin əsas siyasi fiquru olaraq qalıb.
Hakim Serbiya Tərəqqi Partiyası şənbə günü qarşıdakı parlament seçkilərində Vuçiçi baş nazirliyə namizəd göstərib. Onun prezident vəzifəsindən seçkidən əvvəl, yoxsa sonra ayrılacağı hələlik məlum deyil.
Vuçiçin hakimiyyəti dövründə Serbiyada iqtisadi inkişaf müşahidə olunsa da, hökumət korrupsiya və avtoritarizm iddiaları ilə bağlı artan tənqidlərlə üzləşib.