Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranla hərbi münaqişəyə girmək ehtimalını dəyərləndirir. Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Fars körfəzindəki bu iki böyük ərəb dövləti ABŞ və İsrailin İrana qarşı mümkün müharibəsinə qoşula bilər. Tehran onların kritik infrastrukturuna zərbə endirərsə, Ər-Riyad və Əbu-Dabi bu addımı atmağa məcbur olacaq.
Bildirilir ki, limanlara, enerji obyektlərinə və hava limanlarına təsir edən hücumlara görə hər iki ölkənin səbri tükənmək üzrədir. Agentliyin məlumatına əsasən, digər körfəz ölkələri də Tehranla toqquşmaya doğru irəliləyir.
Daha əvvəl "The New York Times" qəzeti Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ABŞ prezidenti Donald Trampı İrana qarşı mübarizəni davam etdirməyə təşviq etdiyini yazmışdı. Nəşrin mənbələrinə görə, vəliəhd şahzadə ABŞ-İran münaqişəsini Yaxın Şərqin yenidən formalaşdırılması üçün tarixi fürsət kimi qiymətləndirir.