Rusiya Müdafiə Nazirliyi bir həftə ərzində Ukraynanın 5 yaşayış məntəqəsinə nəzarətin ələ keçirildiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Nazirlik 3–9 yanvar tarixlərində Rusiya Silahlı Qüvvələrinin Ukraynadakı fəaliyyəti ilə bağlı yazılı bəyanat yayıb.
Bəyanatda həftə ərzində Ukraynadakı hərbi obyektlərə intensiv hücumların həyata keçirildiyi qeyd olunub.
Bu hücumlar nəticəsində Ukraynanın hərbi-sənaye müəssisələrinin, enerji, nəqliyyat, hava limanı və liman infrastrukturu obyektlərinin, yanacaq və sursat anbarlarının, pilotsuz uçuş aparatlarının (PUA) istehsal, saxlanma və təlim mərkəzlərinin, eləcə də Ukrayna hərbçiləri və xarici muzdluların müvəqqəti yerləşdirildiyi məntəqələrin vurulduğu bildirilib.
Açıqlamada son bir həftə ərzində Ukraynada 5 yaşayış məntəqəsinin Rusiya ordusu tərəfindən ələ keçirildiyi vurğulanıb: "Sumi bölgəsində Grabovskoye, Xarkiv bölgəsində Podolı, Dnipropetrovsk bölgəsində Bratskoye, Zaporijya bölgəsində Zelenoye və Donetsk Xalq Respublikasında Bondarnoye yaşayış məntəqələri azad edilib".
Nazirliyin bəyanatında həmçinin müharibənin başlanğıcından bu günə qədər Ukrayna ordusuna məxsus 670 təyyarənin, 283 helikopterin, 108 mindən çox PUA-nın, 645 hava hücumundan müdafiə raket sisteminin, 27 mindən artıq tank və zirehli texnikanın, 1637 çox lüləli reaktiv yaylım atəş sisteminin, 32 min 463 haubitsa və minaatanın, eləcə də 51 mindən çox xüsusi hərbi nəqliyyat vasitəsinin məhv edildiyi bildirilib.