Rusiya aviaşirkətləri Yaxın Şərq ölkələrinə uçuşların tam miqyasda bərpasına hazır olduqlarını açıqlayıblar.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF-2026) çərçivəsində TASS agentliyinə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, aviaşirkətlər regiona uçuşların genişləndirilməsi üçün texniki və əməliyyat baxımından tam hazırdırlar.
“Aviaşirkətlər Yaxın Şərqə uçuşların tam miqyaslı bərpasına hazırdırlar. İyunun 1-dən etibarən "Aeroflot" Dubaya uçuşları bərpa edib və iyulun 1-dən gündə iki reys həyata keçirməyi planlaşdırırıq. Uçuş tezliyimiz artıb”, – deyə Nikitin qeyd edib.
O bildirib ki, buna baxmayaraq, Rusiya Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin Yaxın Şərqə səfərlərlə bağlı qüvvədə olan tövsiyələri aviaşirkətlər tərəfindən nəzərə alınır.
Nikitin əlavə edib ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə marşrut şəbəkəsinin bərpası mərhələli və ehtiyatlı şəkildə həyata keçirilir.
“Prinsip etibarilə biz bu istiqamətdə irəliləməyə hazırıq, lakin son qərarı aviaşirkətlərin özləri verir”, – deyə nazir vurğulayıb.
Qeyd edək ki, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda bu ilin fevral ayının sonunda bir sıra ölkələrin hava məkanı müvəqqəti olaraq bağlanmışdı.
Aprelin 16-dan mayın 15-dək Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi İsrailə uçuşlara müəyyən saatlar ərzində icazə vermişdi. Aprelin 17-də isə "Red Wings" aviaşirkəti Təl-Əvivə reysləri bərpa etmişdi.
Daha sonra agentlik BƏƏ-yə uçuş biletlərinin satışına qoyulan tövsiyəni ləğv edib, həmçinin İran hava məkanından istifadəyə dair məhdudiyyətləri aradan qaldırıb.
May ayının ortalarında Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov Rusiya aviaşirkətləri üçün Yaxın Şərq istiqamətində tətbiq edilən bütün məhdudiyyətlərin ləğv olunduğunu açıqlamışdı.