Rusiya ordusu Ukraynanın hərbi məqsədlər üçün istifadə etdiyi liman və logistika obyektlərinə zərbələr endirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Odessa limanında patrul kateri və yanacaq anbarları, İzmail limanında isə hərbi yüklərin daşınması üçün istifadə olunan infrastruktur hədəfə alınıb.
Rusiya tərəfi həmçinin İzmail limanında Qərb istehsalı silahların saxlandığı anqarların və pilotsuz dəniz vasitələrinin yerləşdirildiyi anbarların məhv edildiyini bildirib.
Məlumata görə, hücumlar Odessa şəhərindəki “Nova Poşta” logistika mərkəzinə və Dnepropetrovsk vilayətində pilotsuz uçuş aparatlarının saxlanıldığı anbara da yönəlib.
Rusiya Müdafiə Nazirliyi zərbələrin Ukrayna ordusunun hərbi təchizat və logistika imkanlarını zəiflətmək məqsədi daşıdığını açıqlayıb.
Qeyd edək ki, son günlər Rusiya Ukraynanın Odessa və İzmail limanlarına qarşı hücumları intensivləşdirib. İzmail limanına avqustun 13-də endirilən zərbə nəticəsində liman infrastrukturuna ziyan dəyib və yanğın baş verib.