Rusiya və Ukrayna gecə saatlarında bir-birinin enerji, sənaye və hərbi infrastrukturuna qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Ukraynanın Dnepropetrovsk vilayətində yerləşən Marqanets şəhərində yaşayış binasına Rusiyaya məxsus dronun düşməsi nəticəsində üç aylıq körpə həlak olub, 11 nəfər yaralanıb.
Zaporojye vilayətində Rusiya pilotsuz uçuş aparatlarının ticarət mərkəzi və sənaye obyektinə zərbələr endirdiyi, nəticədə 5 nəfərin yaralandığı bildirilib.
Odessa vilayətində isə zərbələrin ayaqqabı fabrikinin ərazisinə düşdüyü, anbar və yeməkxananın zədələndiyi və yanğınların baş verdiyi qeyd olunub.
Ukrayna Hərbi Hava Qüvvələri gecə ərzində Rusiyanın buraxdığı 152 drondan 124-nün məhv edildiyini açıqlayıb.
Rusiya Müdafiə Nazirliyi isə Ukrayna hərbi qüvvələrini dəstəkləyən obyektlərin, o cümlədən Pivdennı, Odessa və İzmail limanlarındakı anbarların və patrul katerlərinin vurulduğunu iddia edib.
Bundan əlavə, Rusiya hava hücumundan müdafiə sistemlərinin 19 region, həmçinin Krım, Qara dəniz və Azov dənizi üzərində 598 Ukrayna dronunu zərərsizləşdirdiyi bildirilib.
Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşev sənaye obyektinə zərbə endirildiyini və ərazidə dağıntıların meydana gəldiyini təsdiqləyib.
Ukrayna Prezidenti Volodimir Zelenski zərbənin “Roscosmos” kosmik agentliyi ilə əlaqəli “Progress Center” müəssisəsinə endirildiyini bildirib.
Zelenski həmçinin Ukrayna qüvvələrinin Nijni Novqorod vilayətindəki “Savasleyka” aviabazasına və Leninqrad vilayətindəki neft obyektinə zərbələr endirdiyini iddia edib. Rusiya tərəfi bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib.