Bu ilin yanvarın 1-nə Azərbaycan Respublikasının dövlət zəmanətli borcu 10 milyard 368,4 milyon manat təşkil edib ki, bu da ÜDM-in 8 faizi səviyyəsindədir. Maliyyə Nazirliyinin məlumatına görə, borcun əsas hissəsi xarici öhdəliklərin payına düşür.
"Operativ Məlumat Mərkəzi-OMM"-in Maliyyə Nazirliyinə istinadən verdiyi xəbərə əsasən, dövlət zəmanətli borcun 8 milyard 725,4 milyon manatı (təxminən 5 milyard 132,6 milyon ABŞ dolları) və ya 84,2 faizi xarici kreditlərdən, 1 milyard 643 milyon manatı və ya 15,8 faizi isə daxili kreditlərdən ibarətdir.
Hesabat dövrünə olan vəziyyətə görə, dövlət zəmanətli borc portfelinin 59,8 faizi sabit faiz dərəcəli, 40,2 faizi isə dəyişkən faiz dərəcəli öhdəliklər əsasında formalaşıb.
Borclanmanın valyuta strukturu da açıqlanıb. Belə ki, portfelin 63,9 faizi ABŞ dolları, 17,7 faizi avro, 12,8 faizi manat, 3,7 faizi yapon yeni, 1,9 faizi isə digər valyutalar üzrə öhdəliklərdən ibarət olub.
Maliyyə Nazirliyi bildirir ki, dövlət zəmanətli borcun 73,9 faizi 5 ilədək, 16,6 faizi 5 ildən 10 ilə qədər, 9,5 faizi isə 10 ildən artıq müddətdə kreditorlara qaytarılmalıdır.