UEFA Çempionlar Liqasında keçiriləcək növbəti qarşılaşma “Qarabağ” FK üçün strateji baxımdan mühüm əhəmiyyət kəsb edir. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu fikirləri komandanın baş məşqçisi Qurban Qurbanov Almaniyanın “Ayntraxt” klubu ilə oyun öncəsi təşkil olunan mətbuat konfransında səsləndirib.
“Qarabağ” – “Ayntraxt” oyunu Bakıda keçiriləcək
Təcrübəli mütəxəssis UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turu çərçivəsində Bakıda baş tutacaq qarşılaşma ilə bağlı hazırlıq prosesinə də toxunub. Qurban Qurbanov bildirib ki, vaxt az olsa da, komanda bu müddətdən maksimum səmərə ilə istifadə etməyə çalışıb:
“Bu, bizim üçün çox vacib matçdır. Hazırlıq üçün geniş zamanımız olmadı. Komanda sakit və planlı şəkildə oyuna hazırlaşıb. Mövcud vaxtdan effektiv istifadə etdik. Əsas məqsəd futbolçuları fiziki cəhətdən lazımi səviyyəyə çatdırmaq idi. Meydanda intizamlı və mübariz kollektivlərin qarşılaşmasını izləyəcəyik”.
Baş məşqçi vurğulayıb ki, qarşılaşma yüksək tempdə və taktiki mübarizə şəraitində keçəcək.