Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb və hadisə nəticəsində kontakt şəbəkə sisteminə ciddi zərər dəyib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə nəticəsində ciddi zədələnmiş kontakt şəbəkə sistemi qısa müddətdə bərpa edilib, bu istiqamətdə qatarların hərəkəti qrafik üzrə təmin olunub.
Qeyd edək ki, hadisə nəticəsində həmin sahədə yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.
Hazırda dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.