Qərbi Azərbaycan İcması bəyanat yayıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb
27.06.2023 15:16
Aa
dəq

ABŞ Konqresi tərəfindən yaradılmış və bəyan olunan məqsədinin insan haqlarının beynəlxalq miqyasda təşviq edilməsi olduğu deyilən Tom Lantos Komissiyasının Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı bu yaxınlarda keçirdiyi dinləmələrlə bağlı Qərbi Azərbaycan İcmasının ciddi narahatlıqları var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

Bəyanatda həmçinin qeyd edilib: “Əvvəla vurğulayırıq ki, Ermənistan və Azərbaycan arasında vəziyyət haqqında müfəssəl və dəqiq anlayışın olması çox vacibdir. Ermənistanın azərbaycanlılara qarşı törətdiyi insan haqları pozuntuları çox böyük miqyasa malikdir və misilsizdir.

Ermənistan 1987-1991-ci illərdə bütün azərbaycanlıları öz ərazisindən qovmuş, ardınca Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq edərək, onun ərazilərinin 20 faizini işğal etmişdir. Bütün bunlar nəticəsində, Ermənistandan 300 minə yaxın azərbaycanlı qaçqın düşmüş və işğal olunmuş Azərbaycan ərazilərdən 700 min azərbaycanlı didərgin düşmüşdür.

Ermənistan minlərlə dinc azərbaycanlını qətlə yetirmiş, həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mədəni və dini abidələri, məzarlıqları dağıtmış, azərbaycanlıların şəxsi və ictimai əmlakını, mülki infrastrukturunu talan etmişdir. Ermənistan Azərbaycanın yüzlərlə şəhərini və digər yaşayış məntəqələrini yerlə-yeksan edib. Ermənistan həmçinin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərinə milyondan artıq mina qoymuşdur. Bunun yeganə məqsədi həmin əraziləri Ermənistanın onilliklər boyu davam edən dağıdıcı hərbi işğalından azad etdikdən sonra azərbaycanlı məcburi köçkünlərin oradakı öz evlərinə təhlükəsiz qayıtmasını çətinləşdirməkdir.

Sözügedən Komissiyanın dinləmələrində çıxış etmiş şəxslərin nümayiş etdirdiyi açıq-aşkar qərəzli münasibət bizi dərindən narahat edir. Onların bəzilərinin Ermənistan yönümlü maraq qrupları ilə sıx əlaqələri olduğunu öyrənmək bizi məyus etdi. Bu, dinləmənin obyektivliyi və ədalətliliyi ilə bağlı ciddi suallar doğurur. Belə görünür ki, dinləmə sadəcə əvvəlcədən müəyyən edilmiş ssenarini yerinə yetirmək üçün keçirilib. İclasda edilmiş çıxışların mahiyyəti dərindən qüsurlu idi və real vəziyyəti düzgün təqdim etmirdi. Dinləmə ağ yalanlar və bəzi dairələrin geniş istifadə etdiyi, heç bir faktiki əsasa malik olmayan anti-Azərbaycan ritorikası xarakterizə olunurdu. Dinləmə zamanı təqdim olunan çaşdırıcı uydurmalar heç bir fakta, nüanslara və vəziyyətin tarixi kontekstinə məhəl qoymayaraq, yalnız birtərəfli perspektivi təqdim etməyə xidmət edirdi.

Xüsusilə, danışanların dini baxımdan qərəzli ifadələrdən dəfələrlə istifadə etməsi dərin narahatlıq doğurur. Tom Lantos Komissiyası dinindən asılı olmayaraq bütün insanların bərabərliyini tanıyan İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsini təşviq etmək məqsədi daşıyır. Dini qərəzliliyi göstərən lüğətdən istifadə etməklə Komissiya öz məqsədlərini, dəyərlərini və prinsiplərini qoruyub saxlaya bilməmişdir.

Azərbaycanlıların, xüsusən də Ermənistandan qovulanlarınhüquqlarına etinasızlıq bizi dərindən məyus etdi. Bu, Komissiyanın etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq bütün şəxslərin hüquqlarına həqiqətən də dəyər verməsini sual altına qoyur. Həmçinin görünür ki, Komissiya müəyyən qrup əhalinin öz evlərindən qovulmasından sonra onların hüquqlarına əhəmiyyət vermir. Bu ayrı-seçkili və təhlükəli yanaşma dinləmənin mötəbərliyini və tərəfsizliyini sarsıtmışdır.

Bütün bunlar aydın şəkildə göstərir ki, Komissiyanın dinləmələri, əslində, insan hüquqlarına deyil, müəyyən bədnam maraqlara xidmət edirdi. Biz hər bir dövlətin və qrupun öz maraqlarını müdafiə etməkdə azad olduğunu qəbul etsək də, insan hüquqları kimi nəcib ideyadan, o cümlədən İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsindən belə mənfur məqsədlər üçün sui-istifadə etməyi yolverilməz hesab edirik.

Bundan əlavə, dinləmə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar edilməsi üzrə davam edən səyləri sarsıdır. Belə ki, dinləmədə ifadə edilənlər düşmənçiliyi qızışdıran yanaşmanı davam etdirir və barışıq yoluna əlavə bir maneə yaradır.

Dinləmə Tom Lantos Komissiyasının tarixində təəssüf doğuran bir fəsil idi. Komissiyanın aşkar nöqsanları və qərəzli mövqeləri fonunda biz bu qurumu Ermənistanın etnik təmizləmə və insanlığa qarşı törətdiyi digər cinayətlərdən əziyyət çəkən bir milyondan artıq etnik azərbaycanlının hüquqlarını tanıyan və müdafiə edən mənalı səylər göstərməyə çağırırıq. Komissiyanın Ermənistandan zorla qovulmuş azərbaycanlıların fundamental hüquqlarını tanıması çox vacibdir.

Biz Komissiyanı nöqsanlarını düzəltmək və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri aradan qaldırmaq üçün İcmamızla fəal şəkildə səmimi dialoq aparmağa çağırırıq. Konkret olaraq, biz Komissiyanı Ermənistandan qovulmuş azərbaycanlıların Ümumdünya İnsan Hüquqları Bəyannaməsində də təsbit olunmuş təhlükəsiz və ləyaqətlə qayıtmağa dair təməl hüquqlarının təmin edilməsi istiqamətində səylər göstərməyə çağırırıq”.

Həftənin ən çox oxunanları

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb

Prezident Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb

Bakıda Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsi yaradılıb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Almaniya kansleri ilə görüşüb

İlham Əliyev Almaniya kansleri ilə görüşüb
DAVAMIN OXU davamın oxu

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib

İlham Əliyev rəsmi ziyafətdə iştirak edib
DAVAMIN OXU davamın oxu

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik

Prezident: Biz neftimizi Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik
DAVAMIN OXU davamın oxu