Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev yeni formalaşan Donald Tramp administrasiyası ilə mühüm görüşlər keçirmək məqsədilə ABŞ-yə səfər edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Dmitri Peskov xüsusi vurğulayıb ki, Rusiya nümayəndəsi birbaşa Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmır. Onun əsas missiyası ABŞ ilə iqtisadi əməkdaşlıq qrupu çərçivəsində fəaliyyət göstərməkdir.
Bununla belə, nüfuzlu “Reuters” agentliyi də Kirill Dmitriyevin okeanın o tayında Tramp administrasiyasının üzvləri ilə görüşdüyünü təsdiqləyib. Beynəlxalq mənbələrin məlumatına görə, müzakirələrin əsas diqqət mərkəzində Ukrayna məsələsi və Rusiya-ABŞ iqtisadi əməkdaşlıq perspektivləri dayanır.