PSJ klubu 18 yaşlı ispan yarımmüdafiəçisi Pedro Dro Fernandes Sarmientonun “Barselona”dan transferini rəsmən açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, gənc futbolçu Fransa nəhənginə daimi əsaslarla qoşulub və klubla 2030-cu ilin yayına qədər müqavilə bağlayıb.
12 yanvar 2008-ci il təvəllüdlü Dro Fernandes PSJ-də 27 nömrəli forma ilə çıxış edəcək.
Məlumata görə, “Barselona” bu transferdən 6 milyon avro gəlir əldə edib.
Gənc yarımmüdafiəçi 2025-ci ilin yayında mövsümöncəsi hazırlıq çərçivəsində “Barselona”nın əsas komandasında debüt edib və ilk qolunu vurub. Daha sonra payız aylarında La Liqa və UEFA Çempionlar Liqasında bir neçə rəsmi oyunda meydana çıxaraq məhsuldar ötürmə ilə yadda qalıb.
Dro Fernandes transferdən sonra klubun mətbuat xidmətinə açıqlamasında PSJ-yə qoşulmasından böyük məmnunluq duyduğunu bildirib:
“PSJ-nin formasını geyinmək mənim üçün böyük xoşbəxtlik və qürurdur. Bu, ailəm üçün də xüsusi məna daşıyır. PSJ uşaqlıqdan izlədiyim, dünya futbolunun əfsanələrinin çıxış etdiyi möhtəşəm klubdur. İndi bu komanda üçün oynamaq və bütün gücümü ortaya qoymaq üçün çox motivasiyalıyam”.