Yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Prokurorluğu orqanlarında 2025-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, iclasda qeyd edildi ki, 2025-ci ildə ölkə üzrə 31 min 852 cinayət qeydə alınıb və onların 90,5 faizi açılıb.
Ümumilikdə 15 min 766 cinayət işinin istintaqı tamamlanıb. İstintaq tədbirləri ilə 435 milyon manatdan artıq maddi ziyanın 59,5 faizinin ödənilməsi təmin edilib.
Prokurorluq orqanlarında aparılmış istintaqlar üzrə 94,8 milyon manatlıq ziyan müəyyən edilib, 82 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.
“Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktı 14 min 589 nəfərə şamil olunub. Hesabat dövründə Baş Prokurorluğun Çağrı Mərkəzinə daxil olan 28 mindən çox müraciət üzrə vətəndaşlara hüquqi izahlar verilib.
Kamran Əliyev “Elektron prokurorluq” informasiya sisteminin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini, bu sistemin “Ən yaxşı antikorrupsiya təşəbbüsü” kimi sertifikat aldığını diqqətə çatdırıb. Həmçinin 65 nəfər təqsirləndirilən şəxsin xaricdən ekstradisiyası təmin edilib.
Hesabat dövründə xidməti nöqsanlara yol verdiklərinə görə 25 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 6 nəfər isə prokurorluq orqanlarından xaric edilib.
Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarının qanunun aliliyinin təmin olunması, ictimai-siyasi sabitliyin qorunması və dövlət suverenliyinə qarşı yönələn cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirəcəklərini bildirib.
İclasda qarşıdakı dövrdə istintaqın keyfiyyətinin artırılması, vətəndaş müraciətlərinə həssas yanaşma və cinayətlərin profilaktikasının gücləndirilməsi ilə bağlı konkret tapşırıqlar verilib.