BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Baş direktoru Qu Donqyu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident.
İcazə verin, Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi təbrik edim.
Sizə cansağlığı və səadət, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram.
Zati-alinizə ən yüksək ehtiramımı ifadə edirəm."
***
Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizi təbrik edir, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.
Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniyanın strateji, yaxın və etibarlı tərəfdaşıdır. Ölkələrimiz arasındakı sıx əlaqələr möhkəm prinsiplərə və ümumi məqsədlərə əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr əməkdaşlığımızın intensivliyini mükəmməl şəkildə əks etdirir.
Mən Rumıniyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha təsdiqləyirəm. Eyni zamanda, Rumıniyanın bütün səviyyələrdə strateji tərəfdaşlığımızı möhkəmləndirməyə və dərinləşdirməyə sadiqliyini bir daha bildirirəm. Tam əminəm ki, davamlı səylərimiz sayəsində Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq enerji, ticarət, təhsil kimi xüsusi əhəmiyyət kəsb edən sahələrdə inkişaf edəcəkdir. Həmçinin Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında konstruktiv və perspektivli əlaqələrin inkişafında fəal iştirakını davam etdirəcəkdir.
Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz".
***
Yunanıstan Respublikasının Prezidenti Konstantinos Tasulas Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi və xalqınızın firavanlığı naminə ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, Yunanıstanın xalqlarımızın mənafeyi naminə əlaqələrimizi dərinləşdirməyə və bütün sahələrdə əməkdaşlığımızı möhkəmləndirməyə hazır olduğunu bildirirəm.
Əminəm ki, biz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və beynəlxalq hüquq əsasında daha geniş regionda sülh və sabitliyin təşviqi üçün birgə çalışa bilərik.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Vyetnam Sosialist Respublikasının Prezidenti Lıonq Kıonq Prezident İlham Əliyevə təbrik ünvanlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
İcazə verin, Vyetnam dövləti və xalqı adından Sizə Azərbaycan Respublikasının Müstəqillik Gününün 107 illiyi münasibətilə ən səmimi təbriklərimi çatdırım.
Azərbaycan xalqının yaxın dostu olan Vyetnam ölkənizin Sizin rəhbərliyinizlə inkişafı, beynəlxalq inteqrasiya sahəsində nailiyyətləri, regionda və dünyada mövqeyinin, statusunun möhkəmləndirilməsi ilə bağlı uğurlara daim maraq göstərir və sevinir.
Məmnuniyyətlə qeyd edirəm ki, ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri güclü inkişaf mərhələsinə qədəm qoyub və bu baxımdan, 2025-ci ilin may ayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və iki ölkə arasında strateji tərəfdaşlığın qurulması mühüm tarixi mərhələ olub.
Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında mövcud ənənəvi dostluq və strateji tərəfdaşlıq əsasında ölkələrimiz əməkdaşlığın daha da möhkəmləndirilməsi və genişləndirilməsi, həmçinin bu əməkdaşlığın bütün potensialından hər iki xalqın rifahı naminə istifadə olunması üçün yeni imkanlar əldə edəcəklər.
Azərbaycan Respublikasına tərəqqi, Azərbaycan xalqına səadət arzulayıram.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və şərəfli vəzifənizdə böyük uğurlar diləyirəm".
***
Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi Latviya xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, xoş arzularımı çatdırıram.
Latviya və Azərbaycan ikitərəfli əlaqələri dinamik şəkildə inkişaf etdirib və bu əlaqələr qarşılıqlı maraq doğuran yeni sahələri əhatə etməkdə davam edir. Xalqlarımız arasında qurulmuş yaxşı əlaqələr ölkələrimizin gələcək əməkdaşlığı üçün mühüm baza təşkil edir. Davosdakı son görüşümüzü və fikir mübadiləmizi böyük məmnunluqla xatırlayıram. Ölkələrimizin sülh və təhlükəsizlik şəraitində daha da inkişafını təmin etmək üçün əlaqələrimizin genişləndirilməsini səbirsizliklə gözləyirəm.
Latviya inanır ki, Avropa İttifaqı ilə Azərbaycan arasında daha dərin əməkdaşlıq hər iki tərəfə iqtisadi inkişafın və regional sabitliyin artması da daxil olmaqla mühüm faydalar gətirə bilər. Ona görə də Latviya bu dialoqun gücləndirilməsi istiqamətində səyləri dəstəkləməkdə davam edəcəkdir.
Cənab Prezident, beynəlxalq qaydalara əsaslanan sistemin ciddi sınaqdan keçdiyi bu keşməkeşli vaxtlarda mən Sizi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin əsas prinsiplərini dəstəkləmək üçün çoxtərəfli forumlarda sıx əməkdaşlıq etməyə dəvət edirəm.
Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar, ölkənizə və xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".