ABŞ Prezidenti Donald Tramp İtaliyanın Baş naziri Corcia Meloni ilə bağlı sosial media hesabında diqqətçəkən paylaşım edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, Donald Tramp Corcia Meloni ilə əl sıxışdığı fotonu paylaşaraq, şəkilin üzərinə “Uzaqlaşdırma qərarı lazımdır” ifadəsini yazıb.
Bildirilir ki, tərəflər arasında gərginlik iyunun 19-da başlayıb. Tramp İtaliyanın “La7” telekanalına müsahibəsində Fransada keçirilən G7 Zirvəsi çərçivəsində Corcia Meloni ilə görüşünə toxunaraq, onun birlikdə şəkil çəkdirmək üçün israr etdiyini iddia edib.
Məlumata əsasən, Tramp “O, mənimlə şəkil çəkdirmək üçün yalvarırdı. Çox istəyirdi, əslində çəkdirməyəcəkdim, amma ona yazığım gəldi” ifadələrini işlədib.
Qeyd olunur ki, Corcia Meloni bu iddialara sosial media hesabında cavab verərək, Trampın dediklərinin həqiqəti əks etdirmədiyini bildirib.
Baş nazir paylaşımında “Unutmaq olmaz ki, nə mən, nə də İtaliya heç kimə yalvarmırıq” sözlərini qeyd edib.
Bildirilir ki, Donald Tramp sonrakı paylaşımlarında da iddialarını təkrarlayaraq, ABŞ-nin İran üzərində hərbi üstünlük əldə etməsindən sonra Meloninin yenidən onunla yaxın münasibətlər qurmağa çalışdığını irəli sürüb və “Təşəkkürlər, mənə lazım deyil” ifadəsini işlədib.
Məlumata görə, İtaliya hökumətinin başçısı isə bu ittihamlara cavabında “Prezident Tramp, bu davamlı və əsassız hücumlar mənasızdır. Populyarlığıma gəlincə, sizin dostunuz olmaq mənə heç bir fayda gətirmədi” deyə bildirib.