Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Hörmətli cənab Prezident, Əziz Dostum.
Serbiya Respublikası vətəndaşları adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edir, ölkənizin və xalqınızın gələcək tərəqqisi, rifahı və firavanlığı ilə bağlı ən xoş arzularımı çatdırıram.
Fürsətdən istifadə edərək, Serbiya ilə Azərbaycan arasında qarşılıqlı etimad, həmrəylik və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin dinamik inkişafından böyük məmnunluq duyduğumu bildirmək istəyirəm.
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində baş tutan görüşümüzü xüsusi minnətdarlıqla xatırlayıram. Göstərilən yüksək qonaqpərvərlik və apardığımız səmərəli müzakirələr enerji, infrastruktur, investisiya və iqtisadiyyat sahələrində əməkdaşlığımızı daha da genişləndirmək əzmimizi bir daha təsdiqlədi.
Eyni zamanda, Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi prinsipial və ardıcıl dəstəyə görə Azərbaycan Respublikasına səmimi təşəkkürümü bildirirəm. Bu dəstək ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və beynəlxalq hüquqa hörmətin bariz nümunəsidir. Serbiya Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyini qoruyub saxlayır.
Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.