Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, görüş zamanı tərəflər ikitərəfli əlaqələrin cari vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Dövlət başçısı son dövrlərdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib. Prezident İlham Əliyev aşağıdakı məqamların əhəmiyyətini vurğulayıb:
- Azərbaycan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası;
- Xartiya çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığı genişləndirmək məqsədilə işçi qruplarının formalaşdırılması;
- Azərbaycan-ABŞ İqtisadi Dialoqunun ilk iclasının keçirilməsi.
Prezident İlham Əliyev Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq imkanlarının geniş şəkildə müzakirə olunması üçün yaxşı şərait yaratdığını bildirib.