Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı hava hücumu həyata keçirməsindən sonra Polşa ehtiyat tədbiri olaraq döyüş təyyarələrini havaya qaldırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
Bildirilib ki, Rusiyanın pilotsuz uçuş aparatları və raketlərlə təşkil etdiyi hücum nəticəsində azı 8 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Ukrayna rəsmiləri bildiriblər ki, hücumlar nəticəsində çoxsaylı yaşayış binaları, eləcə də Kiyevin mərkəzində yerləşən bir otel alovlara bürünüb.
Hücum Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın gecə saatlarında irimiqyaslı hücum planlaşdırdığı barədə xəbərdarlığından bir neçə saat sonra baş verib. Hadisədən sonra Zelenski İrlandiyanın Avropa İttifaqı Şurasına sədrliyinin başlanması münasibətilə Dublinə etdiyi səfəri yarımçıq dayandırıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Oleksandr Sırski isə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin orduya Kiyevi ələ keçirmək məqsədilə yeni hücum əməliyyatları hazırlamaq göstərişi verib.
Sırskinin sözlərinə görə, bu planlara Belarus ərazisindən Ukraynanın paytaxtı və ətraf bölgələrinə yönələcək mümkün hücumlar da daxildir.
Həmçinin Rusiya tərəfi Ukraynanın pilotsuz uçuş aparatlarının Putinin doğulduğu Leninqrad vilayətinə qədər çatdığını açıqlayıb.
Rusiya rəsmilərinin məlumatına görə, hava hücumundan müdafiə sistemləri bölgədə 6 pilotsuz uçuş aparatını məhv edib.