İran Prezidenti Məsud Pezeşkian Avropa ölkələrini ABŞ-ni razılaşmaya təşviq etmək üçün daha fəal rol oynamağa çağırıb və diplomatiyanın mübahisələrin həlli üçün ən yaxşı yol olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o, Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığı zamanı qeyd edib.
Pezeşkian bildirib ki, İran beynəlxalq qaydalar çərçivəsində danışıqları davam etdirməyə hazırdır və Avropanın Vaşinqtonı bu prosesə uyğun mövqeyə gətirmək üçün təsir göstərə biləcəyini düşünür.
O qeyd edib ki, ekspert səviyyəsində müəyyən razılaşmalara baxmayaraq, ABŞ tərəfinin həddindən artıq tələbləri və siyasi iradə çatışmazlığı yekun razılaşmanın əldə olunmasına mane olur.
Prezident həmçinin vurğulayıb ki, təhdid və hərbi güc tətbiqinə əsaslanan yanaşmalar problemi həll etmir, əksinə daha da mürəkkəbləşdirir.
Pezeşkian əlavə edib ki, Hörmüz boğazıda təhlükəsiz gəmiçiliyin təmin edilməsi İran üçün prioritetdir və bu su yoluna hər hansı təhdid qlobal ticarətə ciddi təsir göstərə bilər.