Rusiya və Ermənistan arasında ticarət-iqtisadi əlaqələrin inkişafı ilə bağlı konkret məsələlərin müzakirə olunacağı açıqlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bişkekdə keçirilən görüş zamanı tərəflər arasında mühüm və məzmunlu müzakirələr aparılıb.
Peskov qeyd edib ki, qarşıdakı yüksək səviyyəli danışıqların əsas mövzularından biri Ermənistanın gələcək inkişaf istiqaməti və bu məsələ ilə bağlı mümkün referendum ola bilər.
Kremlin sözçüsü Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin dəqiq vaxtının diplomatik kanallar vasitəsilə, dövlət başçılarının iş qrafikləri nəzərə alınmaqla razılaşdırılacağını bildirib.
Sentyabrın 1-də Bişkekdə keçirilən görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Ermənistan rəhbərliyinə ölkə vətəndaşlarının Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim etməsinə imkan yaradılmasını təklif edib.
Nikol Paşinyan isə Ermənistan parlamentinin ötən il Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanun qəbul etdiyini xatırladıb.
Paşinyanın sözlərinə görə, həmin qanunun qəbulu referendum ideyasından imtina edilməsi anlamına gəlir.
Putin isə bu mövqe ilə razılaşmayıb. Rusiya lideri sözügedən qanunun qəbulunu Ermənistanın Aİİ-dən çıxmaq niyyəti kimi qiymətləndirməyin mümkün olduğunu bildirib və yekun qərarın xalqın iradəsi əsasında verilməsinin vacibliyini vurğulayıb.