Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın Ayı ABŞ-yə məxsus elan etdiyini düşünmür.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Peskov bu barədə TASS-a açıqlamasında danışıb.
Onun sözlərinə görə, Trampın “Ay bizimdir” ifadəsi ABŞ-nin Ay üzərində mülkiyyət iddiası irəli sürməsi kimi başa düşülməməlidir.
“Prezident Tramp “Ay bizimdir” deyərkən, düşünürəm ki, bunun onların mülkiyyəti olduğunu nəzərdə tutmayıb. O, çox yaxın zamanda amerikalı astronavtların Aya qədəm qoyacağına ümid etdiyini ifadə edib”, - Peskov bildirib.
Kremlin nümayəndəsi qeyd edib ki, kosmos ölkələr arasında qarşıdurma deyil, qarşılıqlı əməkdaşlıq məkanı olmalıdır.
Peskov əlavə edib ki, kosmos hər hansı şəkildə “özəlləşdirmə” obyekti ola bilməz.
Qeyd edək ki, Donald Tramp daha əvvəl Ayın fotosunu paylaşaraq onun üzərinə “Ay bizimdir” sözlərini və ABŞ bayrağını əlavə edib.