“Ermənistan ABŞ və İran arasında gərginliyin yaratdığı regional vəziyyətin diplomatik yolla həll olunacağına ümid edir”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu açıqlamanı Polşa Beynəlxalq Münasibətlər İnstitutunda xarici səfirlər, diplomatlar və beyin mərkəzlərinin nümayəndələri ilə görüşündə bildirib.
O, iştirakçılardan birinin İran və ABŞ arasında mümkün kompromisin baş tutmaması və regionda böhran yaranacağı təqdirdə bunun Ermənistanın sabitliyinə təsiri ilə bağlı sualını cavablandırarkən bildirib ki, rəsmi İrəvan vəziyyətdən narahatdır.
“İran və ABŞ-yə gəldikdə, bilirsiniz ki, Ermənistan kiçik və təvazökar bir dövlətdir və biz ABŞ ilə İran arasındakı münasibətləri qiymətləndirmək iqtidarında deyilik. Əlbəttə ki, narahatıq və ümidimiz bu vəziyyətdən diplomatik yolla çıxış yolu tapmaqdır. Bu son dərəcə dəyişkən və qeyri-sabit vəziyyətdə bölgəmizdə sabitlik və sülhün bərqərar olmasına sevinirik. Hər hansı bir qeyri-sabitlik son dərəcə narahatedicidir və daha geniş bölgədə sabitliyə ümid edirik”, – deyə Paşinyan qeyd edib.
Baş nazir vurğulayıb ki, Ermənistan mövcud vəziyyətə əhəmiyyətli təsir göstərə biləcək imkanlara malik deyil: “Əgər müsbət təsir göstərmək üçün imkanlar varsa, biz bunu etmək istərdik. Amma dediyim kimi, biz kiçik bir dövlətik və yalnız təşviq edə və diplomatiyanın səslərinə qoşula bilərik”.