Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı maraqlarının tükəndiyini bildirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Paşinyan parlamentdə çıxışı zamanı Ermənistanın KTMT-dən xaric edilməsinin İrəvan üçün məqbul olacağını deyib.
Baş nazir bildirib ki, əgər təşkilat Ermənistanı üzvlükdən çıxarmaq qərarına gəlsə, bundan yalnız məmnun olacaq. Onun sözlərinə görə, belə bir qərar İrəvanı təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edəcək.
Kremlin mətbuat katibi Dmitri Peskov isə İrəvanın bu mövqeyinə münasibət bildirərək Ermənistanın KTMT-dən çıxmaq hüququnun olduğunu vurğulayıb.
Peskovun sözlərinə görə, əgər Ermənistan regional təhlükəsizlik baxımından təşkilatda üzvlüyə ehtiyac duymursa, İrəvan milli maraqları əsasında müvafiq qərarı qəbul etməkdə sərbəstdir.
Ermənistan-Rusiya münasibətlərində gərginlik 2024-cü ilin fevralında İrəvanın KTMT-də iştirakını dondurması ilə daha da artıb. Ermənistan rəhbərliyi bu qərarı 2023-cü ildə Azərbaycanın Qarabağda keçirdiyi hərbi əməliyyatlar zamanı KTMT-nin İrəvanın gözləntilərinə uyğun addım atmaması ilə əsaslandırıb.
Ermənistan 2024-cü ildən etibarən təşkilata büdcə ödənişlərini də dayandırıb.
Bununla yanaşı, Paşinyan hökuməti ölkənin xarici siyasət kursunu dəyişmək istiqamətində addımlar atır və gələcəkdə Avropa İttifaqına üzvlük üçün müraciət etməyi planlaşdırdığını açıqlayıb.
Hazırda KTMT-nin üzvləri Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandır.