Bu gün Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, ilk olaraq taekvondoçu Qaşım Maqomedov dayanq üzərinə çıxacaq.
58 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində irlandiyalı Cek Uolleyin müqavimətini qırmağa çalışacaq.
Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) yarışa qoşulacaq. Görüşlər saat 13:00-da başlayacaq. Onlar 1/8 final mərhələsində müvafiq olaraq Mohamed Eısayed (Misir) və David Losonçi (Macarıstan) ilə üz-üzə gələcək.
Ölkəmizi yunan-Roma güləşində təmsil edən digər idmançımız Sənan Süleymanov isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 77 kq çəki dərəcəsində yer alan Sənanın rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Süleymanovun bürünc medal uğrundakı qarşılaşması Bakı vaxtı ilə saat 20:15-də start götürəcək.