Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə qarşılaşıb.
Bu mübarizədə Azərbaycan təmsilçisi rəqibinə 0:5 hesabı ilə məğlub olub. Buna baxmayaraq Maqomedxan medal qazanmaq şansını itirməyib. O, bürünc medal uğrunda yarışacaq. İdmançımızın rəqibi isə təsəlliverici görüşlərdən sonra müəyyənləşəcək. Həm bürünc medal uğrunda yarışlar, həm də təsəlliverici görüşlər sabah keçiriləcək.
***
Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 97 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda polşalı Mateuş Baranovski ilə qarşılaşıb.
Görüşdə təmsilçimiz 7:2 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib. M.Maqomedov yarımfinalda Gürcüstandan olan Givi Matçaraşvili ilə görüşəcək.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
***
Paris-2024-də sərbəst güləş üzrə yarışlar davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün daha bir təmsilçimiz 1/8 finaldan mübarizəyə başlayıb.
97 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Maqomedxan Maqomedov Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışıb.
Rəqibini üstələyən (9:0) Maqomedxan 1/4 finala yüksəlib.