Qarşıdakı 25 ildə dünya üzrə şəhər əhalisinin artımının yarısı yeddi ölkənin payına düşəcək. Belə ki, Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Misir, Banqladeş və Efiopiya birlikdə 2025–2050-ci illər arasında 500 milyondan çox yeni şəhər sakini əldə edəcək. Bu rəqəm həmin dövr üzrə proqnozlaşdırılan 986 milyonluq qlobal şəhər əhalisi artımının yarısından çoxuna müvafiq gəlir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu məlumatı BMT-nin Əhali Bölməsinin nümayəndəsi Şeril Soyyer Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Gələcək urbanizasiya: şəhəriniz növbəti onilliklərdə necə dəyişəcək?” mövzusunda sessiyada BMT-nin 2025-ci il üzrə “Dünya Urbanizasiya Proqnozları”nı təqdim edərkən söyləyib.
Eyni zamanda, dünya üzrə 3.000-dən çox şəhərdə 2015–2025-ci illər arasında əhali azalması müşahidə edilib. Bu şəhərlərin üçdə birindən çoxu Çinə, 17 faizi isə Hindistana aiddir. Hesabata görə, şəhərlərin böyüklüyü onların əhali artımına zəmanət vermir: Mexiko və Çendu kimi iri şəhərlər belə əhali azalması ilə üzləşib.