Birləşmiş Ərəb Əmirlikləri İranla müharibənin yaratdığı nəticələri nəzərə alaraq enerji ixracı və ticarət üçün alternativ marşrutlar formalaşdırmağa başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri BƏƏ Prezidentinin müşaviri Ənvər Qarqaş deyib.
O bildirib ki, ölkə enerji ixracının və ticarət-iqtisadi fəaliyyətinin heç bir halda risk altında qalmasına imkan verməyəcək.
Qarqaşın sözlərinə görə, BƏƏ şərq sahillərindəki limanların imkanlarını genişləndirir, həmçinin boru kəmərləri, dəmir yolu infrastrukturu və alternativ ticarət dəhlizlərini inkişaf etdirir.
Qarqaş İranla münasibətlərin bərpa edilməsinin mümkün olduğunu, lakin qonşu ölkələrlə etimadın yenidən qurulmasının onilliklər çəkə biləcəyini bildirib.
"İranla funksional münasibətləri bərpa etmək olar və bunu etmək lazımdır. Lakin etimadın bərpası tamam başqa məsələdir", - o vurğulayıb.
Qarqaş həmçinin İranın hücumlarına Körfəz ölkələrinin birgə reaksiyasını tənqid edib. Onun sözlərinə görə, region ölkələri uzun illər İranın yaratdığı təhlükənin mahiyyəti barədə ümumi mövqeyə malik olsalar da, bu ortaq anlayışı kifayət qədər koordinasiyalı və strateji fəaliyyətə çevirə bilməyiblər.
Qeyd edək ki, İranın əsas iqtisadi tərəfdaşlarından biri olan BƏƏ avqust ayında Tehranla bütün maliyyə və iqtisadi əməliyyatları dayandırıb. Əbu-Dabi bu qərarı İranın hərbi eskalasiyası və raket təhdidləri ilə əsaslandırıb.