“Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqları prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirən tərəf Ermənistandır. Azərbaycanın Ermənistan tərəfinə prioritet olaraq irəli sürdüyü əsas şərtlər Ermənistanın konstitusiyasında yer alan Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, eyni zamanda Minsk qrupunun ləğv edilməsi ilə bağlıdır”.
Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, politoloq Əli Zülfüqaroğlu deyib.
“Ermənistan konstitusiya dəyişikliyinə ona görə getməlidir ki, sülh sazişi dayanıqlı olsun və nə zamansa geosiyasi şərtlər Ermənistanın lehinə dəyişərsə, yəni Ermənistan üçün geosiyasi zəmin formalaşarsa, Ermənistan yenidən işğalçılıq niyyətlərini həyata keçirməsin. Bu baxımdan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları rəsmən aradan qaldırılmalıdır”.
Ekspert bildirib ki, göründüyü kimi, Ermənistan tərəfi Azərbaycanın əsas şərtlərinə adekvat reaksiya vermir və əslində imitasiya xarakterli görüşlərin aparılmasında maraqlıdır: “Halbuki Azərbaycan tərəfinin irəli sürdüyü şərtlər həm də Ermənistanın gələcəkdə hansı mövqedə olmasını test edən əsas amillərdən biridir. Çünki əgər Ermənistan Azərbaycanın bu tələblərinə adekvat reaksiya vermirsə, o zaman İrəvanın sülhdə maraqlı olmadığı təsbit olunur.
“Prezident İlham Əliyev parlamentdəki çxışında bir daha bəyan etdi ki, Azərbaycan prinsipial mövqelərindən heç bir zaman geri çəkilməyəcək. Ortada konkret şərtlər var. Dövlət başçısının çıxışı sülh danışıqları prosesi ilə bağlı mənzərəni tam olaraq aydınlatdı. Dövlət başçısı bildirdi ki, konstitusiya dəyişilmədən, eyni zamanda Minsk qrupu Ermənistan tərəfindən de-yure ləğv olunmadan sülh sazişi mümkün deyil.
Biz, ümumiyyətlə Qərb, xüsusilə Birləşmiş Ştatlar rəsmiləri tərəfindən Azərbaycana qarşı qərəzli açıqlamaların şahidi oluruq. ABŞ-nin vitse-prezidenti və prezidentliyə namizəd Kamala Harrisin son açıqlamaları da bu qəbildəndir. Bütün bunlar onu deməyə əsas verir ki, nə qədər ki, Azərbaycanın şərtlərinə Ermənistan adekvat reaksiya vermir, o zaman keçirilən görüşlərin heç bir nəticəsi olmayacaq. Bu cür görüşlərin davam etdirilməsi lazımdır, ancaq Ermənistan tərəfinin Azərbaycanın şərtlərinə konkret əməl etməməsi, bu görüşlərin nəticəsiz olmasına gətirib çıxarır. Ona görə də biz konkret olaraq Birləşmiş Ştatlarda keçiriləcək görüşdən ciddi nəticə gözləmirik”, - deyə Ə.Zülfüqaroğlu qeyd edib.
Aminə Nəzərova