Şimali Koreya lideri Kim Çen In yeni istifadəyə verilən “Kang Kon” esminesinin ölkənin nüvə cavab sisteminin tərkib hissəsi olacağını açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası “KCNA” məlumat yayıb.
Bildirilib ki, 5 min tonluq esmines düşmənlərə qarşı “məhvedici cavab zərbələri” endirmək imkanına malikdir. Gəminin birbaşa nüvə silahları ilə təchiz olunub-olunmadığı isə açıqlanmayıb.
Vonsan limanında keçirilən mərasimdə çıxış edən Kim Çen In esminesin Koreya yarımadasının şərq sularında yerləşdirilməsinin ölkənin rəqiblərinə aydın mesaj olduğunu bildirib.
Ekspertlər “Kang Kon” tipli esmineslərin gələcəkdə dənizdə nüvə caydırıcılığı üçün platforma kimi istifadə oluna biləcəyini düşünürlər.
Kyungnam Universitetinin professoru Lim Eul-çulun sözlərinə görə, gəminin yerləşdirilməsi ABŞ, Cənubi Koreya və Yaponiyanın regiondakı dəniz əməliyyatlarını çəkindirmək məqsədi daşıya bilər.
“KCNA” gəminin silah sistemləri ilə bağlı ətraflı məlumat verməsə də, analitiklər bu sinfə aid esmineslərin nüvə başlığı daşıya bilən raketlərlə təchiz edilə biləcəyini istisna etmirlər.
Mərasimdə Kim Çen Inın qızı Kim Ju Aenin iştirakı da diqqət çəkib. Cənubi Koreya kəşfiyyatı bunu onun mümkün varis kimi mövqeləndirilməsi cəhdi kimi qiymətləndirir.
Hadisə ABŞ, Cənubi Koreya və Yaponiyanın illik “Freedom Edge” hərbi təlimlərinə başladığı ərəfəyə təsadüf edib.
Kim Çen In yaxın səkkiz ay ərzində ölkənin hərbi-dəniz qüvvələrinin inkişafında yeni mərhələnin elan ediləcəyini bildirib. O, həmçinin Şimali Koreyanın şərq sahillərində yeni hərbi bazaların tikintisinin davam etdiyini açıqlayıb.
Cənubi Koreyanın Birləşmə Nazirliyi isə vəziyyəti yaxından izlədiyini və Pxenyanın hərbi-dəniz qüvvələrinin nüvə silahları ilə təchiz edilməsi ilə bağlı müzakirələrin intensivləşdiyini bildirib.