ABŞ və İran arasında iki həftəlik atəşkəsin elan olunması qlobal miqyasda gərginliyi müəyyən qədər azaltsa da, bu fasilənin uzunmüddətli sülhə çevrilib-çevrilməyəcəyi hələlik qeyri-müəyyən olaraq qalır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti şərh dərc edib.
Nəşrin məlumatına görə, atəşkəs razılaşması qismən Ankara-Vaşinqton-Tehran-İslamabad-Doha xətti üzrə aparılan intensiv diplomatik təmaslar nəticəsində əldə olunub. Bildirilir ki, Türkiyə rəhbərliyi bu proses çərçivəsində tərəfdaşları ilə təxminən 50 telefon danışığı aparıb.
Qəzet vurğulayır ki, Ankara müvəqqəti atəşkəsi daimi razılaşmaya çevirmək üçün səylərini davam etdirir və cümə günü İslamabadda keçirilməsi planlaşdırılan İran danışıqlarının formatı və gündəliyi üzərində işləyir.
Nəşrin köşə yazarı Hande Fırat qeyd edib ki, mövcud qarşıdurmada dəqiq qalib tərəf yoxdur, lakin məğlub olmayan tərəf kimi İran önə çıxır. Onun sözlərinə görə, İranın həm rejimi toxunulmaz qalıb, həm də raket potensialı qorunub saxlanılıb.
Məqalədə həmçinin bildirilir ki, qarşıdurmanın nəticəsinə ABŞ hava qüvvələrinin itkiləri də təsir göstərib və Vaşinqtonun raket potensialının təxminən 70 faizini bu münaqişəyə yönəltdiyi iddia olunur.
Qeyd edək ki, tərəflər arasında əldə olunan atəşkəs hələlik müvəqqəti xarakter daşıyır və yaxın günlərdə keçiriləcək danışıqlar onun gələcək taleyini müəyyən edə bilər.